Xüsusi Dövlət Mühafizə Xidməti (Azərbaycan)
Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti — birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. 16 mart 2020-ci ildə prezidentin sərəncamına əsasən Xüsusi Dövlət Mühafizə Xidməti ləğv edilib, əvəzində isə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti və Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi yaradılıb.
Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti birbaşa Azərbaycan Respublikası Prezidentinə tabe olan xüsusi hərbi hissədir. Xüsusi Dövlət Mühafizə Xidmətinin əsas vəzifələri Azərbaycan Respublikası Prezidentinin, digər Dövlət Mühafizəsi Obyektlərinin, həmçinin Azərbaycan Respublikasında olduqları vaxt xarici ölkələrin dövlət və hökumət başçılarının təhlükəsizliyinin təmin edilməsi, Azərbaycan Respublikası Prezidentinin İcra Aparatının, Milli Məclisin, Nazirlər Kabinetinin, Konstitusiya Məhkəməsinin, Xarici İşlər Nazirliyinin və Mərkəzi Seçki Komissiyasının obyektlərinin mühafizəsinin təşkil və təmin edilməsidir.
Xüsusi Dövlət Mühafizə Xidməti Dövlət Mühafizəsi Obyektlərinin və mühafizə olunan obyektlərin təhlükəsizliyinin təmin edilməsi sahəsində əks-kəşfiyyat fəaliyyətinin subyekti olaraq əməliyyat-axtarış fəaliyyətini həyata keçirir, Prezident rabitəsini və Xüsusi rabitəni təşkil edir. Həmçinin Dövlət orqanlarının internet şəbəkəsinin yaradılması və fəaliyyət göstərməsi Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən həyata keçirilir. 2003-cü ildən başlayaraq Xüsusi Dövlət Mühafizə Xidməti İxrac neft və qaz boru kəmərlərinin Azərbaycanın quru sahəsindən keçən hissəsinin təhlükəsizliyini təşkil və təmin edir.
Xüsusi Dövlət Mühafizə Xidməti:
— 1931-ci ildən 1937-ci ilədək Xalq Daxili İşlər Komissarlığının mühafizə şöbəsi (5-ci xüsusi diviziya),
— 1938-ci ildən 1972-ci ilədək Bakı şəhəri İcraiyyə Komitəsinin Daxili İşlər İdarəsinin 2-ci Divizionu,
— 1972-ci ildən 1991-ci ilədək Azərbaycan SSR DİN Partiya-Sovet Orqanlarının mühafizə şöbəsi adlanıb.
Azərbaycan Respublikası Prezidentinin 25 sentyabr 1991-ci il tarixli 355 saylı Fərmanı ilə bu şöbə Prezident Aparatı yanında Mühafizə İdarəsinə çevrilib.
Azərbaycan Respublikası Prezidentinin 5 dekabr 1991-ci il tarixli 485 saylı Fərmanı ilə İdarə DİN yanında Ali Dövlət Hakimiyyət və İdarəetmə Orqanlarını Mühafizə şöbəsi adlanıb.